TRT-Avazın Baş koordinatoru: Azərbaycan bizim üçün türk dünyasının başlanğıc nöqtəsidir - MÜSAHİBƏ

TRT-Avazın Baş koordinatoru: Azərbaycan bizim üçün türk dünyasının başlanğıc nöqtəsidir - MÜSAHİBƏ TRT Avaz türk dünyasının tarixi, mənəvi dəyərləri, düşüncəsi, təfəkkürü, məqsədi, amallarına gedən “uzun, incə yolun” bələdçisidir. Çeşidli layihələrində Azərbaycana sevgi, bağlılıq, dəyər aydın görünür. Telekanalın baş koordinatoru Sedat Sağırkaya “Repor
Mədəniyyət siyasəti
23 Aprel , 2024 12:47
TRT-Avazın Baş koordinatoru: Azərbaycan bizim üçün türk dünyasının başlanğıc nöqtəsidir - MÜSAHİBƏ

TRT Avaz türk dünyasının tarixi, mənəvi dəyərləri, düşüncəsi, təfəkkürü, məqsədi, amallarına gedən “uzun, incə yolun” bələdçisidir. Çeşidli layihələrində Azərbaycana sevgi, bağlılıq, dəyər aydın görünür. Telekanalın baş koordinatoru Sedat Sağırkaya “Report”un Ankara bürosuna müsahibəsində bu məqamlara toxunmaqla yanaşı, yeni layihələrdən də bəhs edib. Onun müsahibəsini təqdim edirik:

- Azərbaycanla əlaqələrinizi necə qurursunuz?

- Bakıya ilk dəfə 1990-cı il Qanlı Yanvar hadisələrindən sonra səfər etmişəm. O zaman TRT-də yeni işə başlamışdım. İlk dəfəydi Türkiyənin xaricində bir türkdilli dövlətə gedirdik. Əslində oradan Güney Azərbaycana səfər edəcəkdik, amma İranda güclü zəlzələ baş verdi deyə, səfərimiz təxirə salındı və biz 9 gün Bakıda “İnturist” hotelində qaldıq. Çox duyğusal anlar yaşamışdım. Bakıda gördük ki, eyni dili danışırıq, eyni mədəniyyətə malikik, hər şey çox doğma idi. İlk dəfə gördüyümüz insanlarla çox mehriban ünsiyyətimiz yaranırdı, hər kəs evinə qonaq çağırırdı. O vaxtdan Azərbaycanda etibarlı dostlar qazandım və əlaqələrimiz bu gün də qalır.

2009-cu ildən - TRT-Avaz yarandığı gündən burada işləyirəm. İlk rəhbər vəzifəni də TRT-Avazda tutmuşam. Burada işə başladıqdan sonra türk dünyası ilə, o cümlədən Azərbaycanla münasibətlərimiz daha da çox sıxlaşdı. Sonra bir müddət başqa bir telekanala rəhbərlik etdim. 2017-də yenidən TRT-Avaza qayıtdım.

Azərbaycan bizim üçün türk dünyasının başlanğıc nöqtəsidir və sıx əməkdaşlığımız var. Ən son layihəmiz Seyid Yəhya Bakuvi (Şirvani) ilə bağlı oldu. O, Xəlvətilik təriqətinin ikinci qurucusu, İslam aləminin sayılıb-seçilən sufi alimidir. Seyid Yəhya Bakuvi barədə öyrəndikdən sonra məlum oldu ki, Osmanlının mənəviyyat mərkəzi Bakıya qədər uzanır. Çünki Osmanlı padşahlarının və dövlətdə yüksək vəzifə tutanların Xəlvətilik şeyxləri ilə çox sıx münasibətləri olub.

Bundan başqa,1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayla bağlı Azərbaycan televiziyası (AzTV) ilə birgə yeni layihə hazırlamışıq. AzTV bir xeyli arxiv sənədləri əldə edib. Fikrimcə, çox maraqlı, zəngin məlumatlar olan, baxımlı və peşəkar iş ortaya qoyacağıq. Ümumiyyətlə, AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq.

- TRT-Avaz Azərbaycanın başqa telekanalları ilə də əməkdaşlıq qurubmu?

- İctimai Televiziya ilə də əməkdaşlıq edirik. Azərbaycan Mədəniyyət Nazirliyi ilə də ortaq layihələrimiz var. 2018-ci ildə Azərbaycanın müstəqilliyinin 100 iliyi ilə əlaqədar il boyu türk dünyasının birliyi üçün mücadilə aparan azərbaycanlı ziyalıların həyatlarından bəhs edən sənədli filmlər çəkdik.

- TRT-Avazın çox maraqlı bir layihəsi də var: “Köklərin izində”...

- Bəli. “Köklərin izində” layihəsi çərçivəsində 40 şəxsiyyətlə bağlı çəkilişlər apardıq. Onlardan 10-u Azərbaycan ziyalılarından, mütəfəkkirlərindən ibarət oldu. Almas İldırım, Hüseyn Cavid, Əhməd Cavad, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və başqaları. Həmin layihədə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında da film yer alıb. Bu işlər zamanı onu da öyrəndik ki, biz tarixin müəyyən mühüm mərhələlərində, məsələn, İkinci Qarabağ müharibəsində necə çiyin-çiyinə mübarizə apardıq, eləcə də Qurtuluş savaşında Türk ordusu bütünlükdə Tağıyevin dəstəyi ilə Bakıdan gətirilən yanacaqla təmin olunub. Sərvətini dünya türkləri, xüsusilə Türkiyə üçün heç zaman əsirgəməyən Hacı Zeynalabdin Tağıyev Anadolu türklərinə dəfələrlə yardım edib. O, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti vasitəsilə, “Qardaş köməyi” layihəsi ilə erməni zülmünə məruz qalan Anadolu türklərinə, ata-analarını itirmiş kimsəsiz uşaqlara dəstək verib. Çar Rusiyasının Xəzər dənizinin Nargin adasında əsir saxladığı və zülmə məruz qalan 10 minlərlə türkə gizli yolla yardım göstərib, bəzi zabitlərimizin əsirlikdən qurtulmasına nail olub. Yəni onun saymaqla bitməyən xeyirxahlıqları var.

- Layihə davam edirmi?

- O layihəyə son verildi. Amma başqa proqramlarda davam edir, ortaq tarixi şəxsiyyətlərimizlə bağlı verilişlər hazırlayırıq. Harada türk şəhidi varsa, ora bizim üçün türk torpağıdır. Bakı və Azərbaycanın digər rayonlarında şəhid olan türklərlə bağlı da proqramlar ərsəyə gətirmişik.

Türk dünyası ilə bağlı rəsmi məsləhətçilərimiz var, bundan başqa böyük təcrübəyə malik tarixçi, yazar, elm adamları bizimlə əməkdaşlıq edir. Daha ciddi, sayğılı və məlumatlı elm adamlarına üstünlük veririk. Tarixi bilgiləri, sənədləri dəqiqliklə müəyyən etməyə və bunların layihələrdə yer almasına çox diqqətlə yanaşırıq. Azərbaycanla da çox sahələrdə ortaq fəaliyyətlərimiz var. Xüsusilə İkinci Qarabağ müharibəsi dönəmində sıx əməkdaşlığımız oldu. Azərbaycan tərəfə bir studiya lazımdırsa, bir zəng bəs edirdi, təcili hazırlayırdıq. Təhsil-təlim fəaliyyətlərinin nümayişi üçün də dəstək verdik. Pandemiya dönəmində də AzTV ilə birgə proqram mübadiləsi apardıq. Qarşılıqlı studiya mübadiləmiz də olur. Onu da deyim ki, TRT-Avazın Azərbaycanda da təmsilçiliyi var.

- Başqa türk dövlətlərində də varmı? Ümumiyyətlə, digər türk dövlətləri ilə əlaqələriniz necədir?

- Bəli, var. Əlaqələrimiz Azərbaycanla necədir, digər ölkələrlə də elə. Onlarla da ortaq layihələr üzərində işləyirik. Hazırda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanla da mühüm layihələr üzərində çalışırıq. TRT-Avazın Türkiyə xaricində də bir nüfuzu var. Dilimizin bir mədəniyyət dili olduğunu artıq bütün dünya türkləri qəbul edib.

- TRT-Avazın TÜRKSOY-la əməkdaşlığı necədir?

- TRT-Avaz TÜRKSOY-un gördüyü işləri bütün dünyaya yayır. Türk dünyası mədəniyyət paytaxtı hansı şəhər olursa, oradan canlı yayımlar edirik. Türk dünyası ilə bağlı önəmli festivalları, tədbirləri yayımlayırıq. Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunanda TRT-Avaz şəhərin tanıtım rolikini hazırladı.

- Şuşaya səfər etmisiniz?

- Təəssüf ki, hələ gedə bilməmişəm, amma ora səfər etməyi planlaşdırıram.

- TRT-Avaz yalnız 7 türk dövlətinimi əks etdirir? Yoxsa, digər dünya türkləri ilə də işbirliyiniz var?

- Ümumilikdə dünyada olan türklər adətən Türkiyədən gedənlər olduğu üçün onlar, eləcə də Avropa türkləri ilə əlaqələr var. Amma biz Balkan türkləri ilə qismən əlaqələr qurmuşuq. Rusiyada yaşayan türklərlə bağlı proqramlar hazırlayırıq. Rusiyadan tamaşaçılarımız az deyil.

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Biz türk dünyasının ortaq televiziyasıyıq. Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (hazırda Türk Dövlətləri Şurası) 2018-ci ildə Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən VI sammitində prezidentlərimiz də qeyd ediblər. Biz Balkanlardan Mərkəzi Asiyaya qədər uzanan ortaq kültür coğrafiyasının səsiyik. Bütün türkdilli ölkələrdə yayım lisensiyamız var. Hər yerdə tamaşaçıya, dinləyiciyə əlçatan olmağa çalışırıq. Rəqəmsal mediada da çalışmalarımız var, Yutub səhifəmiz çox güclüdür, abunə sayımız 700 minə yaxındır.

2018-ci ildə Azərbaycanın 100 illiyi ilə bağlı konsert təşkil etdik, finalda Azərin “Çırpınırdı Qara dəniz”i oxudu. Yutubda izləyici sayı 30 milyonu keçdi, 40 milyona yaxınlaşıb. “Çırpınırdı Qara dəniz” Türk dünyasının ortaq marşına çevrilib. O şeirdə sanki bir sehr var. Baxın, divarda da Əhməd Cavadın özünün əl yazısı ilə yazdığı bu şeirin surətini asmışıq. Kanalımıza gələn hörmətli qonaqlarımıza bu şeiri ödül olaraq veririk.

- Bunu hardan əldə etdiniz?

- Ailəsindən surətini aldıq. Feysbukda da 900 minə yaxın təqibçimiz var. Əlbəttə bunları da yetərli saymırıq. Bu saylar milyonlara qədər olmalıdır. Çalışmalarımız davam edir.

- TRT-Avazın çox təqdirəlayiq layihələri var, amma sanki yenə də türk dünyası ilə bağlı məlumatlar azdır. Məsələn, Türkiyədə Azərbaycan yetərincə tanınmır. Sizcə, bunun üçün telekanalınızın daha da populyar olmasına ehtiyac var, ya TRT-Avazın daha da böyüməsinə?

- TRT-Avaz reklam yayımlamır. Biz reytinqdən çox, ciddi, yüksək dəyərlərimiz haqqında maarifləndirici, məlumatlandırıcı, düzgün bir kanal olma yolunu seçmişik. Əlbəttə daha çox tamaşaçı auditoriyası cəlb etmək yaxşı olar. Amma qırmızı cizgilərimiz var: ciddi, doğru, düzgün, dəqiq mənbələrdən türk dünyası haqında bilgiləri araşdırıb seyrçiyə təqdim etmək, Türk dünyasının birliyi və diriliyi üçün çalışan insanları ekranlarımıza daşımaq, böyük Türküstan məfkurəsinə xidmət etmiş insanları yeni nəsillərə tanıtmaq. Önəmli layihələrimizdən başqa, TRT-nin yüzlərcə ölkəyə satdığı serialları telekanalımızda da yayımlayırıq, bu seriallar maraqla seyr edilir. Onu da deyim ki, TRT-Avazın iki yayımı mövcuddur. Biri sadəcə Türkiyədə izlənir, hansı ki, Azərbaycan tamaşaçıları da bu yayıma baxır. Başqa türk dövlətlərində və 18 ayrı platformada izlənə bilən şifrəli telekanaldır.

- Hansı dildə yayımlanır?

- Türkiyə türkcəsində. Amma hansı ölkədə yayımlanırsa, o ölkədə alt yazısı ilə təqdim olunur.

- Seriallardan bəhs etdiniz. İkinci Qarabağ müharibəsi ilə bağlı serial çəkmək kimi təklifləri necə qiymətləndirirsiniz?

- Bu məsələ “Qorqud Ata” film festivalında da gündəmə gəldi. Bununla bağlı yazılmış ssenarilər var. Məlumdur ki, serial çəkmək məsələsinin arxasında bu işdən nə mənfəət əldə etmək məsələsi də dayanır. TRT, yaxud başqa telekanal bir serial çəkdikdə ona xərclənən maliyyənin qarşılığında yüksək reytinq də qazanmaq istəyər. Bu mövzuda serial çəkməklə bağlı çalışmaların olduğunu bilirəm. Əlbəttə əminəm ki, bu mövzuda tarixi bir serial ərsəyə gələcək. TRT belə bir serial çəkərsə, TRT-Avaz da sevə-sevə yayımlayar. O cümlədən TRT-nin digər telekanalları da. Bizim məqsədimiz türk dünyası ilə bağlı olan bütün uğurlu layihələri işıqlandırmaqdır. Mən də hər gün Allaha şükür edirəm ki, bu şərəfli millətə xidmət nəsibim olub. Çünki tarixində heç bir qara ləkəsi olmayan, hər zaman məzlumun yanında olan, adil xalqın övladı olmaq da başqa bir lütfdür.

Son xəbərlər

Orphus sistemi